 Tibb elmləri namizədi, baş elmi işçi Məmmədova Turqay Məmməd qızı, 1930-cu il təvəllüdlü, uşaqlarda gözün patologiyası şöbəsinin rəhbəri.
1954-cü ildə N.Nərimanov ad. Azərbaycan Dövlət Tibb institutunu bitirib.
1966-cı ildə «Qanadvari pərdənin klinik-morfoloji xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir, həmin ildən indiki zamana qədər Z.Əliyeva ad. Azərbaycan ET göz xəstəlikləri institutunda işləyir.
1973-cü ildə Odessa şəhərində V.P.Filatov ad. ET göz xəstəlikləri və Toxuma Terapiyası institutunda, 1977-ci ildə Helmholts ad. Moskva ET göz xəstəlikləri institutunda, 1979-cu ildə Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə institutunda, 1989-cu ildə “Gözün mikrocərrahiyyəsi” SETK-də ixtisaslaşma kursları keçmişdir. T.M.Məmmədovanın elmi tədqiqatları uşaqlarda anadangəlmə göz patologiyasına, o cümlədən şişlərin, uveitlərin, kataraktaların və göz dibinin zədələnmələri problemlərinə həsr olunmuşdur.
T.M.Məmmədova tərəfindən görmə orqanının şişlərində aparılmış klinik-morfoloji və elektron-mikroskopik müayinələr uşaqlarda şiş prosesi patogenezinin yeni anlayışına əsas qoymuşdur. Bundan əlavə, o, uşaqlarda gözün travmaları, şişləri, anadangəlmə katarakta və uveit zamanı klinik-immunoloji statusunun göstəricilərini öyrənmişdir. Bu işin nəticələri uşaqlarda göz patologiyasının həmin növlərinin patogenez yönlü müalicəsini işlədib təcrübədə tətbiq edilməsi üçün imkanlar açmışdır.
T.M.Məmmədova 140 əsərin müəllifidir. Bir çox respublika və beynəlxalq oftalmoloji elmi konfransların iştirakçısıdır. Gənc oftalmoloqların hazırlığında fəal iştirak edir, elmi-təcrübi işindən başqa ictimai vəzifələrini də yerinə yetirir, uzun illər ərzində institutun Həmkarlar komitəsinin sədridir.
İşinin yüksək keyfiyyətlərinə görə T.M.Məmmədova Respublikanın Əməkdar həkimi fəxri adına layiq görülmüşdür, “Tərəqqi” medalla və Səhiyyə Nazirliyinin və Respublika Tibbi Həmkarlar İttifaqının bir çox fəxri fərmanları ilə mükafatlandırılmışdır.
|