 Zeynalova Əsmət İsfəndiyar qızı , 1947-ci il təvəllüdlü, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu 1971-ci ildə fərqlənmə diplomu ilə bitirib.
Akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda 1980-ci ildən işləyir, hal-hazırda gözün yoluxucu xəstəlikləri və buynuz qişanın cərrahiyyəsi şöbəsinin elmi işçisidir, 1980-1988-ci illərdə institutun elmi katibi vəzifəsində çalışmışdır.
1982-ci ildən apardığı elmi fəaliyyətin əsas istiqamətləri:
• Herpetik mənşəli uveitlər zamanı gözün hemo- və hidrodinamikasının tədqiqi;
• Toksoplazmoz mənşəli uveitlərin klinikası, diaqnostikası və müalicəsinin xüsusiyyətləri, onların Azərbaycanda epidemiologiyasının tədqiqi;
• Gözün optik mühitlərin infeksiya nəticəsində zədələnmələri zamanı xəstənin immun statusunun öyrənilməsi;
• Buynuz qişanın müxtəlif zədələnmələri zamanı səthi təbəqəli müalicəvi keratoplastikanın, yumşaq kontakt linzaların və helium-neon lazerstimulyasiyanın müştərək tətbiqinin effektivliyinin öyrənilməsi;
• Göz almasının ön kəsiyinin və damarlı yolunun infeksiya mənşəli və autoimmun zədələnmələri zamanı qanın ekstrakorporal korreksiyasının imkanlarının öyrənilməsi.
Yuxarıda göstərilən elmi mövzuların işlənməsində məsuliyyətli icraçılardan biridir, 32 elmi əsərin, o cümlədən 3 səmərələşdirici təklifin və 2 metodik tövsiyənin müəllifidir.
Azərbaycan Respublikasında və xarici ölkələrdə aparılan bir sıra elmi konfransların iştirakçısıdır (Rusiya, İsrayıl, Tailand).
Gözün ön kəsiyinin və damarlı yolunun müxtəlif infeksiya mənşəli xəstəlikləri, gözün sistem və sindrom, autoimmun xəstəlikləri sahəsində yüksəkixtisaslı, ali dərəcəli mütəxəssisdir, bu xəstəliklərin müalicə üsulları və vasitələri, təbabətin yanaşı sahələri haqda geniş biliklərin sahibidir.
1996-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
|