Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


Akademik Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun bugünkü nailiyyətlərinin əldə edilməsində Azərbaycan oftalmologiyasının başlanğıcında dayanan qocaman oftalmoloqların – S.T.Krauz, Y.K.Varşavski, A.Q.Trubin, M.Ə.Abbasov, S.İ.Vəlixan, S.A.Axundova-Bağırbəyova, Ü.S.Musabəyli, Z.Ə.Əliyeva, L.S.Slutskin, Q.Ə.Adıgözəlova-Polçayeva, H.M.Nəsrullayeva, P.S.Məlik-Aslanova, N.M.Əfəndiyev, M.C.Qasımova, Ş.İ.İsmayılzadə, Ç.C.Carullazadə, K.T.Kərimov, E.M.Qasımov, A.Ə.Əhmədovun başqalarının əməyini xüsusi olaraq qeyd etmək lazımdır.


Əhaliyə göz xəstəlikləri üzrə ictimai tibbi yardımın təşkilinin təşəbbüsçüsü S.T.Krauz olmuşdur. O, 1900-cu ildə ilk pulsuz müalicə mərkəzində 10 çarpayılıq göz xəstəlikləri şöbəsinin açılmasına nail olmuşdur.
Oftalmologiyanın inkişafında Azərbaycanın ilk alim-oftalmoloqlarından, respublikada oftalmoloji xidmətin banilərindən biri prof. Y.K.Varşavski (1870-1944) çox böyük rol oynamışdır.
Respublikada ilk göz xəstəxanasının elmi rəhbəri və bu xəstəxananın bazasında göz xəstəlikləri üzrə kursların müdiri vəzifələrini yerinə yetirərək, o, 1925-ci ildən oftalmologiya üzrə mühazirələr oxumuşdur. Beləliklə, Y.K.Varşavski ET oftalmologiya institutunun, Azərbaycan Dövlət Tibb İnstitutunun, Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedralarının başlanğıcında dayananlardan biridir. Y.K.Varşavskinin bilavasitə elmi maraq sahəsi görmə üzvünün zədələnmələri olmuşdur, onun doktorluq dissertasiyası və bir çox digər elmi əsərləri məhz bu mövzuya həsr edilmişdir.

Mirzəəli Əli oğlu Abbasov (1886-1957) 1917-ci ildə Kiyev universitetinin tibb fakultəsini bitirmişdir. 1921-ci ildə göz xəstəlikləri üzrə ixtisaslaşma məqsədilə M.Ə.Abbasov Azərbaycan Dövlət Universitetinin nəzdində olan göz klinikasının ordinator vəzifəsini tutmuşdur və burada 1929-cu ilə qədər işləmişdir. Həmin illər ərzində o, ilk elmi məqalələrini çap etmişdir. 1930-1935-ci illərdə M.Ə.Abbasov Bakı Dəmir yol xəstəxanasının baş həkimi vəzifəsində işləyərək, həmin xəstəxananın göz şöbəsinin rəhbəri olmuşdur. 1935-ci ildə M.Ə.Abbasov Bakı Mərkəzi göz xəstəxanasının baş həkim müavini vəzifəsinə, 1937-ci ildə isə baş həkimi vəzifəsinə təyin edilmişdir.
1945-ci ildə M.Ə. Abbasov respublikada Oftalmologiya İnstitutunun yaranmasında iştirak etmişdir və 1 yanvar 1946-cı il tarixindən M.Ə.Abbasovun rəhbərliyi altında institut öz fəaliyyətinə başlamışdır. M.Ə.Abbasov 1957-ci ilə – ömrünün son gününədək instituta rəhbərlik etmişdir.
1949-cu ildə M.Ə.Abbasov «Göz almasının hərbi zədələri zamanı elektrik-maqnit əməliyyatlar» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. M.Ə.Abbasovun elmi əsərləri traxomanın və onun fəsadları, gözün termik, kimyəvi, işıq yanıqları müalicəsinə, görmə üzvünün kənd təsərrüfatı, sənaye, məişət və uşaq travmatizmi problemlərinə, görmə sinirinə metil spirtinin təsirinə, göz travmatizminin profilaktikasına həsr olunmuşdur. M.Ə.Abbasov «Traxoma Azərbaycanda» adında monoqrafiyanın müəllifidir. O, iki Lenin ordeni, «Şərəf Nişanı» ordeni ilə, «Qafqaz Müdafiəsi uğrunda», «1941-1945-ci illərin Vətən Müharibəsində fədakar əməyə görə» medalları ilə, «Səhiyyə əlaçısı» nişanı ilə, Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Azərbaycan oftalmologiyasının ən layiqli nümayəndələrindən biri Əməkdar elm xadimi, professor Sona xanım Vəlixan olmuşdur (1883-1982). O, Peterburq Tibb İnstitutunu 1908-ci ildə bitirmiş və Azərbaycanda ilk ali təhsilli qadınların arasında layiqli yer tutmuşdur.
1923-1939-cu illərdə S.İ.Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939-1971-ci illərdə isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur; 1946-1960-cı illərdə S.İ.Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur.
S.İ.Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunmuşdur. S.İ.Vəlixan tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycan qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə «Endoftalmitin patoloji anatomiyasına dair» məqaləsi ilə Nobel Komitəsinin diqqətinin özünə cəlb etməsi olmuşdur. S. İ.Vəlixan ömrünün böyük hissəsini oftalmoloq kadrların hazırlanması kimi nəcib işə həsr etmişdir; onun rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Prof. S.İ.Vəlixan kliniki işlə bərabər geniş konsultativ işi də aparırdı, elmi-pedaqoji, müalicə fəaliyyəti ilə yanaşı ictimai problemlərə də böyük məsuliyyətlə yanaşırdı. 1945-1950-ci illərdə o, Respublika Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur.
Prof. S. İ. Vəlixan Əməkdar elm xadimi Fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.

S.A.Axundova-Bağırbəyova (1886-1982) tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan oftalmologiyasında görkəmli yer tutur. O, tibbi təhsilini Moskva Universitetində almışdır.
S.A.Axundova Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun gözün zədə şöbəsinin müdiri, sonra isə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışırdı və Ə.Əliyeva adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun göz xəstəlikləri kafedrasının professoru olmuşdur.
S.A.Axundovanın bir çox elmi əsərləri keratoplastika, traxoma, göz xəstəliklərinin toxuma terapiyası probleminə həsr olunmuşdur. Dünyada tanınmış akademik V.P.Filatovun tələbəsi və davamçısı, S.A.Axundova, ilk dəfə olaraq, Azərbaycanda və Cənubi Qafqaz regionunda keratoplastika və toxuma terapiyası üsullarını tətbiq etmişdir.
Prof. S. A. Axundova Azərbaycanda oftalmocərrahiyyənin inkişafının çılğın tərəfdarı olmuşdur. O, respublikamızda oftalmocərrahiyyənin SSRİ-nin ən qabaqcıl oftalmoloji mərkəzləri səviyyəsinə qalxması üçün böyük xidmətlər göstərmişdir.
S.A.Axundovanın respublikada traxomanın ləğv olunması işində də böyük əməyi olmuşdur, bundan əlavə o, bir çox illər Bakı leprozorinin həkim-okulist vəzifəsində çalışmışdır.
Prof. S.A.Axundovanın rəhbərliyi altında oftalmologiya sahəsində doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir, onun respublikada oftalmoloq və oftalmocərrahların yeni bir nəslinin yetişdirilməsində böyük xidmətləri olmuşdur.
S.A.Axundovanın fəaliyyəti yüksək qiymətləndirilmişdir, o, bir neçə orden və medallarla təltif olunmuşdur, ona Respublikanın Əməkdar elm xadimi Fəxri adı verilmişdir.

Azərbaycan oftalmologiyasının görkəmli alimlərindən biri Əməkdar elm xadimi, Azərbaycan Elmlər akademiyasının müxbir üzvü, prof. Ü.S.Musabəyli olmuşdur (1902-1974).
Ü.S.Musabəyli 1943-cü ildən N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının professoru, 1945-1974-cü illərdə isə – kafedra müdiri vəzifəsində çalışmışdır. Bundan əlavə, 1946-1957-ci illərdə o, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun traxoma şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Elmi axtarışları çox geniş olmuşdur. Bir sıra elmi əsərləri traxomanın diaqnostika, klinika və müalicəsinə, ona qarşı mübarizə üsullarına, göz almasının qəlpə zədələrinə, qlaukoma xəstəliyinə, görmə üzvünün ümumi xəstəliklər zamanı əmələ gələn dəyişikliklərinə, görmə üzvünün fiziologiyası problemlərinə həsr edilmişdir. Doktorluq dissertasiyası «Büllurun qazanılma çıxıqları» mövzusuna həsr olunmuşdur, monoqrafiyası isə hamiləlik patologiyası zamanı gözün xəstəliklərinə aiddir.
Ü.S.Musabəyli görmə üzvünün fiziologiyası problemlərinə də maraqla yanaşırdı. Onun bir çox elmi əsərində gözün akkomodasiya funksiyası, anizometropiya, miopiya məsələlərinin işlənməsi öz əksini tapmışdır.
Prof. Ü.S.Musabəyli müalicə işi ilə də yaxından məşğul olurdu, respublika səhiyyə xidmətinə, xəstələrə və tibb işçilərinə köməyindən və məsləhətindən əsirgəmirdi.
Ü.S.Musabəyli tədris sahəsinə də böyük diqqət yetirirdi. O, ilk dəfə olaraq, azərbaycan dilində göz xəstəliklərinə dair tədris kitabını, traxomanın diaqnostika, müalicə və profilaktikasına dair metodik tövsiyələrini, tələbələr üçün seçilmiş mühazirələrin məcmuəsini çap etdirmişdir, azərbaycan dilində oftalmoloji terminləri ilk dəfə olaraq tərtib etmişdir, oftalmologiyanın tədrisi üçün rəngli-cizgili film-mühazirənin müəllifi və məsləhətçisi olmuşdur.
Ü.S.Musabəylinin ən mühüm xidmətlərindən biri də respublikamız üçün oftalmoloji elmi kadrların hazırlanması idi. Onun rəhbərliyi altında 3 doktorluq və 12 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Ü.S.Musabəyli görkəmli oftalmoloq kimi 1957-ci ildən «Vestnik oftalmoloqii» jurnalının, Azərbaycan Tibb jurnalının, Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyəti üzvü, 1957-ci ildən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri və Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin üzvü olmuşdur.
Ü.S.Musabəyli azərbaycan oftalmologiyasını ümumdünya və afro-asiya oftalmoloqlar konqreslərində layiqincə təmsil etmişdir. O, böyük ictimai işi də aparırdı, 1955-ci ildən Sovet Sülhü müdafiə komitəsinin, Sovet qadınlar komitəsinin üzvü olarkən, xalqların azadlığı məsələləri üzrə beynəlxalq konqress və konfranslarda respublikamızı təmsil edirdi.
Prof. Ü.S.Musabəyli görkəmli alim, həkim, müəllim və ictimai xadim kimi respublikada hüsn-rəğbət qazanmışdır; o, Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, bir çox orden və medallarla təltif edilmiş, ona Əməkdar elm xadimi Fəxri adı verilmişdir.

Görkəmli alim, yüksək insani keyfiyyətlərə malik olan, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran akademik Zərifə xanım Əliyevanın əvəzsiz xidmətini xüsusi qeyd etmək lazımdır.
Zərifə Əziz qızı Əliyeva (1923-1985) 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Moskva şəhərində Helmqols adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmiş, öz əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda ordinator vəzifəsindən başlamışdır.
Yüksək ixtisaslı oftalmoloq, perspektivli, gələcəkdə əhəmiyyətli elmi əsərlərin müəllifi olacaq, nüfuzlu mütəxəssis, məhz institutun divarları arasında yetişdirilmişdir.
Əsrin 40-50-ci illərində Azərbaycanın bir çox cənub rayonlarının əhalisi arasında traxoma xəstəliyi geniş yayılmışdır. Z.Ə.Əliyeva traxomaya qarşı aparılan bütün işlərdə fəal iştirak edirdi. O, dəfələrlə ona həvalə edilmiş Əlibayramlı rayonunun bir sıra kəndlərinə gedirdi və burada çətinliklərə baxmayaraq, traxomaya qarşı nəzərdə tutulmuş tədbirlər kompleksini inadla yerinə yetirirdi. Bu böyük praktiki iş Zərifə xanım Əliyevanın bir sıra elmi əsərlərinin əsasını yaratmışdır. Zəngin materialın ümumiləşdirilməsi və təhlili 1959-cu ildə Z.Ə.Əliyevanın «Traxomanın sintomisin ilə və ona uyğunlaşdırılmış digər terapevtik üsullarla müalicəsi» namizədlik dissertasiyasının müdafiəsi ilə nəticələnmişdir.
70-ci illərin əvvəllərində Z.Ə.Əliyeva elmi fəaliyyətinin yeni istiqaməti kimi sənaye müəssisələrinin işçilərində görmə üzvünün peşə zərərləri təsiri nəticəsində zədələnmələrinin öyrənilməsi ilə ciddi məşğul olmağa başlamışdır. Miqyaslı klinik və eksperimental tədqiqatların nəticəsində görmə üzvünə peşə zərərləri təsirinin mühüm qanuna uyğunluqlarının aşkar edilməsi mümkün olmuşdur. Bu tədqiqatlar zərərlərin patogen təsirinin biokimyəvi mexanizminin bir çox tərəflərini aydınlaşdırmağa imkan vermişdir və 1976-cı ildə Z.Ə.Əliyeva «Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1979-cu ildə keçmiş İttifaqda ilk dəfə olaraq akademik Zərifə xanım Əliyevanın şəxsi təşəbbüsü və iştirakı ilə istehsalatla elmin vəhdəti olan Bakı məişət kondisionerləri zavodunda respublika Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya institutun peşə patologiyası üzrə problem laboratoriyası yaradılmışdır. Z.Ə.Əliyeva uzun illər ona rəhbərlik göstərmişdir. Burada müxtəlif kimyəvi maddələrin və istehsalat tullantılarının görmə üzvünə və onun əlavə aparatına xroniki təsirinin mexanizmlərinin öyrənilməsi, bu təsirə qarşı profilaktik tədbirlərin işləməsi və tətbiqi ilə əlaqədar Z.Ə.Əliyeva elmin bu sahəsində böyük müvəffəqiyyət qazanmışdır.
Sonralar Z.Ə.Əliyevanın elmi fəaliyyəti Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institutun oftalmologiya kafedrası ilə bağlı olmuşdur. Bu dövrdə yaradılmış gözün peşə patologiyasına həsr olunmuş “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası şəraitində gözün patologiyası”, “Yod istehsalında gözün peşə xəstəliklərinin profilaktikası”, “Görmə üzvünün peşə xəstəlikləri” adlı monoqrafiyalarına və digər əsərlərinə görə o, dünyanın ən görkəmli alimlərin arasında layiqli yer tutmuşdur.
Peşə xəstəlikləri üzərində aparılmış bir sıra elmi axtarışlara görə Z.Əliyeva SSRİ Elmlər Akademiyası tərəfindən akademik M.İ.Averbax adına mükafatla təltif edilmişdir.
Görmə üzvünün peşə patalogiyası problemləri ilə yanaşı Z.Ə.Əliyeva oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparırdı. Bu tədqiqatların nəticəsində “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fə fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” , “Terapevtik oftalmologiya” və başqa monoqrafiyalar çap edilmişdir. Ümumiyyətlə onun 200-qədər elmi işləri, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi.
1982-ci ildə Z.Ə.Əliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Burada o, bir sıra yüksəkixtisaslı elmi kadrları hazırlamışdır.
Z.Ə.Əliyevanın təcrübi həkimlik işini xüsusi qeyd etmək lazımdır. Onun iştirakı ilə keçən klinik araşdırmalar, xəstələrin səhər yoxlamaları, konsilium və konsultasiyaların gənc həkimlərin təkmilləşdirilməsində əhəmiyyəti çox böyük olmuşdur.
Görkəmli alimə və həkimə, tibb elminin və milli səhiyyənin xadiminə xas olan ictimai və vətənpərvər borcunun, yüksək məsuliyətinin dərindən dərk edilməsi, işə qarşı yaradıcılıq münasibətlə yanaşması akademik Z.Ə.Əliyevaya yüksək dərəcədə məxsus idi. Akademik Z.Ə.Əliyeva azərbaycan oftalmologiyasının əsl fədaisi olmuşdur, onun vətən oftolmologiyasının inkişafında qiymətə gəlməz xidmətləri çoxdur, onlardan biri Oftalmologiya İnstitutunun yeni binasının tikintisi haqqında təşəbbüsüdür. Zərifə xanımın sayəsində hələ SSRİ dövründə həmin binanın inşaatı üçün lazım olan vəsait ayrılmışdır və binanın təməli qoyulmuşdur.
Akademik Z.Ə.Əliyeva böyük ictimai işi də aparırdı. O, keçmiş İttifaqın Sülhü müdafiəsi komitəsinin üzvü, Azərbaycan Sülhü müdafiəsi komitəsinin sədr müavini, “Bilik” Ümumittifaq cəmiyyətinin idarə heyətinin üzvü, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü, “Vestnik oftalmoloqii” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Z.Ə.Əliyevanın əvəzsiz xidmətlərinin etirafı kimi 1983-cü ildə Azərbaycan respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, orden və medallarla təltif edilməsi olmuşdur. Ona Azərbaycan Respublikası Əməkdar elm xadimi Fəxri adı verilmişdir, 2001-ci ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutuna akademik Z.Ə.Əliyevanın adı verilmişdir.

Azərbaycan oftalmologiyasının inkişafında tibb elmləri doktoru, professor Lev Solomonoviç Slutskinin (1902-1971) xidmətlərini də qeyd etmək lazımdır. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun uşaqlarda gözün patologiyası şöbəsində müdir vəzifəsində çalışmışdır. Prof. Slutskinin traxoma, herpes mənşəli buynuz qişanın zədələnmələri, buynuzqişanın irinli yaraları kimi ağır göz xəstəliklərinə həsr olunmuş elmi əsərləri vardır. O, institutda elmi kadrların hazırlanmasında da iştirak etmiş, 2 namizədlik dissertasiyasının rəhbəri olmuşdur.
Azərbaycan oftalmologiyasının görkəmli nümayəndələrindən biri, tanınmış alim, tibb elmləri doktoru, professor Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva olmuşdur (1915-1992). O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur.
Əsl alimə xas olan keyfiyyətlər – geniş sənət bilikləri, sərbəst təfəkkür, qərəzsiz dünya görüşü prof. Q.Ə.Adıgözəlova-Polçayevaya yüksək dərəcədə məxsus idi. O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı.
Prof. Q.Ə.Adıgözəlova-Polçayeva oftalmologiyanın müxtəlif məsələlərinə dair bir neçə yüz elmi əsərin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir. Onun «Ametropiyalar zamanı gözün refraksiyasına akkomodasiya spazmının təsiri» və «Anizometropiya» adında monoqrafiyalarının görmə üzvünün fiziologiyasının öyrənilməsində böyük əməyi var.
Prof. Q.Ə.Adıgözəlova-Polçayeva nəinki istedadlı alim, hətta gözəl diaqnost və hərtərəfli oftalmocərrah olmuşdur. O, elmi və təcrübi oftalmoloq kadrlarının olduqca böyük bir dəstəsini hazırlamışdı, onun rəhbərliyi altında 10-dan artıq namizədlik dissertasiyaları müdafiə edilmişdir.

İnstitutun fəaliyyətində mühüm rol institutun tarixində ikinci direktor olmuş Nazim Mirqasım oğlu Əfəndiyevə məxsusdur.
N.M.Əfəndiyev (1926-1998) 1948-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-1952-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutun aspiranturasında hazırlıq keçmişdir. 1952-ci ildə bu institutun elmi işçisi olmuş, 1954-cü ildə isə institutun müalicə işləri üzrə direktor müavini təyin edilmişdir. 1957-ci ildən həmin institutun direktoru vəzifəsində çalışmağa başlamışdır.
1966-cı ildə N.M.Əfəndiyev «Göz almasının mühitlərinə kontuzion qansızmalar və autoqanın eksperimental daxil edilməsindən sonra şüşəvari cismin bəzi biokimyəvi göstəricilərinin dəyişiklikləri» mövzusunda namizədlik, 1993-cü ildə isə «Eksperimental gözdaxili qansızma zamanı şüşəvari cismin struktur-funksional pozuntularında lipidlərin peroksidləşməsinin rolu» adlı doktorluq dissertasiyasiyalarını müdafiə etmişdir.
N.M.Əfəndiyev 150-yə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiya, 3 ixtira, 20-dən artıq metodik tövsiyələr, səmərələşdirici təkliflərin müəllifidir. Onun elmi-tədqiqat işləri əsasən göz almasının müxtəlif patologiyası zamanı şüşəvari cismin biokimyəvi, biofiziki və morfoloji xüsusiyyətlərinin öyrənilməsinə, eləcə də süni optik konstruksiyalardan və müasir plastik materiallardan istifadə etməklə göz almasında reabilitasiya xarakterli optiki-rekonstruktiv mikrocərrahi əməliyyatların yeni üsullarının işlənib hazırlanmasına həsr olunub. N.M.Əfəndiyevin elmi ideyaları göz almasının şüşəvari cisminin klinik və fiziki-kimyəvi dəyişikliklərinin problemi ilə məşğul olan elmi məktəbin yaradılması üçün əsas olmuşdur. Onun ideyaları tələbələrinin işlərində də inkişaf etdirilir.
N.M.Əfəndiyevin rəhbərliyi altında 13 namizədlik və 1 doktorluq dissertasiyası müvəffəqiyyətlə müdafiə olunmuşdur.
Respublikada gözün mikrocərrahiyyəsi üsullarını ilk tətbiq edən yüksəkixtisaslı oftalmocərrah N.M.Əfəndiyev öz praktiki fəaliyyətində bu elmi yeniliklərdən geniş istifadə edib. İnstitutda işlədiyi müddətdə gözün müxtəlif strukturalarında katarakta, qlaukoma, iltihab xəstəlikləri, göz almasının travmatik zədələnmələri, anadangəlmə anomaliyalar, yenitörəmələr və görmə üzvünün digər patologiyası ilə əlaqədar minlərlə cərrahi əməliyyatlar aparmışdır.
Elmi təşkilat sahəsində N.M.Əfəndiyev böyük nailiyyətlər əldə edib. O, respublikada traxoma xəstəliyinin aradan götürülməsinin aktiv təşkilatçılarından biri olub. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə institutda oftalmoloji yardımın elmi-praktiki mərkəzi kimi Respublika Oftalmoloji Lazer Mərkəzi yaradılmışdır. İnstitutda gözün patologiyası zamanı biokimyəvi, histokimyəvi, elektron-mikroskopik, immunoloji, ultrasəs, elektrofizioloji, kontrast diaqnostika metodlarını kütləvi şəkildə tətbiq etməyə imkan verən müxtəlif laboratoriyalar təşkil edilmişdir.
N.M.Əfəndiyevin elmi kadrların hazırlanmasında böyük rolu olub. Onun rəhbərlik etdiyi müddətdə institutda 11 doktorluq, 65 namizədlik dissertasiyası müdafiə edilmişdir. O, institutda kadrların elmi və praktiki potensialının artması üçün hər cür şərait yaratmışdır. N.M.Əfəndiyevin təşəbbüsü və bilavasitə başçılığı altında 1976-cı ildən institutda göz almasında mikrocərrahi əməliyyatların müasir metodlarına yiyələnmiş mütəxəssislər hazırlanmışdır.
Prof. N.M.Əfəndiyev öz elmi-praktik işi ilə yanaşı geniş ictimai fəaliyyətlə məşğul olub, 25 ildən artıq o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş oftalmoloqu, Elmi Tibbi Şurasının Rəyasət heyətinin üzvü, oftalmologiya üzrə respublika Attestasiya Komissiyasının sədri olub. N.M.Əfəndiyev 1969-1973-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda iştisaslaşdırılmış şuranın üzvü olmuşdur, 1993-cü ildən N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində ixtisaslaşdırılmış şuranın üzvü, 1996-cı ildən isə oftalmologiya üzrə İxtisaslaşdırılmış şuranın sədri vəzifəsində çalışmışdır.
Prof. N.M.Əfəndiyev uzun müddət ərzində oftalmoloqların Ümumittifaq elmi cəmiyyətinin idarə heyətinin üzvü, Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasında oftalmologiya üzrə Elmi şurasının üzvü olmuşdur.
N.M.Əfəndiyevin uzun illik qüsursuz əməyi bir sıra dövlət mükafatları ilə qiymətləndirilib: «Şərəf nişanı», «Əmək veteranı» medalı, «Səhiyyə əlaçısı» döş nişanı, Səhiyyə Nazirliyinin Fəxri fərmanı, Səhiyyə Nazirliyinin və Tibb işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı, 1989-cu ildə N.M.Əfəndiyev Azərbaycan Respublikasının əməkdar həkimi Fəxri adına layiq görülmüş, 1991-ci ildə o, Türkiyə Hərbi-Tibb Akademiyasının fəxri döş nişanı ilə mükafatlandırılmışdır.

Tibb elmləri doktoru Münəvvər Cavad qızı Qasımova (1924-1990) – 1946-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, həmin ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda öz əmək fəaliyyətini başlamışdır. 1957-ci ildə Azərbaycan ET Oftalmologiya İnstitutunun qlaukoma şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Zəngin, hərtərəfli təhsil almış mütəxəssis, gözəl cərrah və təşkilatçı, t.e.d. M.C.Qasımova qlaukomaya, korluğa və görmə üzrə əlilliyə gətirib çıxaran ağır bir xəstəlik kimi baxmağa çağırırdı.
M.C.Qasımovanın toksiki qlaukomanın öyrənilməsində xüsusi rolu olmuşdur. Öz doktorlıq dissertasiyasında klinik eksperimentlər və histokimyəvi tədqiqatlar əsasında o, bəzi kimyəvi maddələrin oftalmotonusun səviyyəsinə təsirini isbat etmişdir. M.C.Qasımova respublikada qlaukomanın epidemiologiyası, patogenezi, diaqnostika və müalicəsi problemləri ilə məşğul olmuş, bir sıra ixtisaslı qlaukomatoloq kadrları hazırlamışdır. M.C.Qasımova 160-dan artıq elmi əsərin müəllifidir.
M.C.Qasımova elmi tədqiqatların və onların praktikada reallaşdırılmasının yüksək səviyyəsini təmin edən qlaukoma üzrə elmi və praktiki məktəb yaratmışdır.
Tibb elmləri doktoru Şəfiqə İsa qızı İsmayılzadə (1918-2004) 1939-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1952-ci ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna qəbul olunmuşdur. 1958-1989-cu illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun gözün zədə şö’bəsinin müdiri vəzifəsində çalışırdı. O, müxtəlif zədələr nəticəsində baş verən görmə üzvünün dəyişiklikləri üzrə, sənaye və kənd təsərrüfatı şəraitində əmələ gələn gözün peşə patologiyası üzrə tədqiqatlara rəhbəri olmuşdur, bu mövzularda 70-dən artıq elmi əsər yaratmışdır, oftalmotravmatoloq kadrlarının hazırlanmasında iştirak etmişdir, onun rəhbərliyi ilə 2 namizədlik dissertasiya müdafiə olunmuşdur.
Azərbaycan oftalmologiyasının inkişafında tanınmış alim, 1995-2005-ci illərdə institutun elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru, professor Həcər Məmməd qızı Nəsrullayeva (1924-2005) 1946-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib, Azərbaycan ET oftalmologiya institutunda 1958-ci ildən işləmişdir. Həmin «Hipertoniya xəstəliyi və hamilə qadınlarda hipertoniya simptomu ilə keçən toksikoz zamanı gözün elastotonometrik müayinələri» mövzusunda namizədlik, 1968-ci ildə isə «Gözün arxa hissəsinin patologiyası zamanı görmə itiliyinin funksional vəziyyəti» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Prof. H.M.Nəsrullayeva 1971-ci ildən özünün cəhdi ilə yaradılan gözün sinir-damar patologiyası şöbəsinə rəhbərlik etmişdir. Geniş elmi erudisiyanın, zəngin klinik təcrübənin sahibi olaraq, prof. H.M.Nəsrullayeva bir çox illər ərzində biokimyəvi, biofiziki, morfohistokimyəvi və başqa müayinələrdən istifadə edərək, göz dibinin sinir-damar aparatının müxtəlif mənşəli patologiyası, şəkərli diabetlə əlaqədar əmələ gələn kataraktanın patogenezi problemlərinə həsr olunmuş tədqiqatlarla məşğul olmuşdur. O, 250-yə yaxın elmi əsər, o cümlədən 3 monoqrafiya, 7 metodik tövsiyələr, 3 müəlliflik şəhadətnamə, 32 səmərələşdirici təklif yaratmışdır. 1993-cü ildə H.M.Nəsrullayevaya professor elmi adı verilmişdir. Respublikada oftalmoloq kadrlarının hazırlanması işinə böyük məsuliyyətlə yanaşaraq, prof. H.M.Nəsrullayeva oftalmologiya sahəsində bir sıra yüksəkixtisaslı elmi və təcrübi mütəxəssislər hazırlamışdır. O, respublikada ilk dəfə olaraq, oftalmoneyroangiopatoloqlar elmi məktəbini yaratmışdır, 2 doktorluq və 10 namizədlik dissertasiyasına rəhbərlik etmişdir.
Prof. H.M.Nəsrullayeva böyük kliniki işi də aparıb, xəstələrə geniş məsləhət və müalicəvi yardım göstərmişdir, uzun illər ərzində o, institutun aparıcı mütəxəssislərinin konsiliumunun sədri olmuşdur.
Prof. H.M.Nəsrullayeva 1971-1980 illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Səhiyyə və Sosial Təminat komissiyasının sədr müavini olmuşdur.
Prof. H.M.Nəsrullayevanın xidmətləri hökumət tərəfindən yüksək qiymətə layiq olmuşdur, o, orden və medallarla təltif olunmuşdur, Respublikanın Əməkdar elm xadimi Fəxri adına şərəfyab görülmüşdür.

Tibb elmləri doktoru, professor Püstə Süleyman qızı Məlik-Aslanova (1926-2001) 1949-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib, 1956-cı ildə «Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar» mövzusunda namizədlik dissertasiyasını, 1971-ci ildə isə «Gözün yaşla əlaqədar dəyişiklikləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1957-2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir və 1984-cü ildə professor elmi adına layiq görülmüşdür. Prof. P.S.Məlik-Aslanovanın fəal iştirakı ilə təşkil olunmuş traxomanın laborator diaqnostikanın xidməti bu ağır göz xəstəliyinin respublikada tam ləğv olunmasını mümkün etmişdir. P.S.Məlik-Aslanovanın səyləri nəticəsində institutda tətbiq edilmiş histokimyəvi üsullar, elektron, lyuminessent və polyarizasiyon mikroskoplarla aparılan müayinələr görmə üzvünün xəstəliklərinin morfoloji diaqnostika prinsiplərinin işləməsinə qiymətli əmanət olmuşdur. P.S.Məlik-Aslanova görmə üzvünün yenitörəmələrinin morfoloji diaqnostikası işində də böyük xidmətlərə malikdir. Prof. Məlik-Aslanova 150-dən artıq elmi əsər, 2 monoqrafiya çap etdirmişdir. 2 doktorluq və bir çox namizədlik dissertasiyalarının rəhbərliyində iştirak etmişdir.

Kərəm Təbriz oğlu Kərimov tibb elmləri doktoru, professor, 1947-ci ildə anadan olub, 1974-cü ildə Azərbaycan Dövlət Tibb institutunu bitirib, 1977-1979-cu illərdə elmi-tədqiqat oftalmologiya institutunda kliniki ordinatura kursunu keçdikdən sonra bu institutun elmi işçi vəzifəsinə qəbul olunmuş və sonra ardıcıl şəkildə həmin institutun təşkilati-metodik, bərpa cərrahiyyəsi, qlaukoma, mikrocərrahiyyə, refraksiya və süni büllurun implantasiyası şöbələrinin rəhbəri olmuşdur. 1998-2005-ci illərdə K.T.Kərimov akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun direktoru vəzifəsində işləmişdir.
1981-1997-ci illərdə Kərimov K.T. Moskva şəhərində aspirantura və sonra doktoranturanı bitirərək 1986-cı ildə tibb elmləri namizədi, 1997-ci ildə isə tibb elmləri doktoru dissertasiyalarını müdafiə etmiş və 2003-cü ildə professor elmi adına layiq görülmüşdür.
1986-cı ildə K.T.Kərimovun təşəbbüsü ilə institutda görmə üzrə əlillərin tibbi-sosial reabilitasiyası elmi-metodik və praktik mərkəzi yaradılmışdır. Bu mərkəzdə K.T.Kərimovun rəhbərliyi altında respublikada korluğun, zəifgörmənin, görmə üzrə əlilliyin xüsusiyyətləri, Azərbaycanda korluğun və əlilliyin əsas səbəbi olan kataraktanın cərrahi müalicəsində müxtəlif növ süni büllurun implantasiyasının tətbiqinin nəticələri və səmərəliliyi öyrənilmişdir.
2000-2005-ci illərdə prof. K.T.Kərimov görmənin eksimer-lazer korreksiyası üzrə özəl «Eskulap» mərkəzi yaratmışdır və bu mərkəzə rəhbərlik göstərmişdir. Bunula respublikada refraksiya cərrahiyyəsi tətbiq olunmuşdur.
Prof. K.T.Kərimov 200-dən artıq elmi məqalənin, o cümlədən 4 monoqrafiyanın və 5 müəlliflik şəhadətnaməsinin, 20-dən artıq səmərələşdirici təklifin və 9 metodik tövsiyənin müəllifidir. Onun rəhbərliyi altında 1 doktorluq, 20-dən artıq namizədlik dissertasiyası müdafiə olunub.
K.T.Kərimov oftalmologiya sahəsində xidmətlərinə görə Respublika Həmkarlar İttifaqının və Səhiyyə Nazirliyinin Fəxri Fərmanları və başqa Fəxri fərmanları ilə təltif olunmuşdur.


İnstitutun elmi-praktik və kadr potensialının yaradılmasında aparıcı əməkdaşların Ş.R.Səfərli, M.M.Qurbanova, B.B.Novruzova, N.A.Qazıyeva, T.Ə.Səfərova, V.H.Qasımov, Ə.M.Ələkbərova, T.G.Səfərəliyev, B.H.Muxtarov, Ş.S.Əlimərdənova, S.A.Milman, Z.M.Əliyeva, Ş.X.Qədimova, S.H.Babayeva, A.A.Səmədova, A.Ə.Şərifzadə, M.C.Məmmədov, D.Q.Axundova, T.M.Məmmədova, F.M.Kazımova, S.H.Hüseynova, R.N.Əliyev, A.İ.Məmmədbəyli, A.Ə.Əhmədov, L.A.Babayeva, S.Q.Hüseynova, A.K.Sadıqov, S.H.Bədəlov, T.S.Ağayeva, A.Ə.Abdullayeva, R.Ə.Kərimov, H.Ə.Quluzadə, H.K.Namazova, N.Ə.Xanlarova, M.M.Ağayev, İ.A.Zərgərli, N.F.Haşımova, F.M.Mirzəyeva, F.H.Şamilova, S.C.Axundova, Z.M.Muradova, S.İ.Məhəmmədova və başqaların əməyini xüsusi olaraq qeyd etmək lazımdır.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi