UŞAQLARDA GÖRMƏNİN PATOLOGİYASI ŞÖBƏSİ
Uşaqlarda görmənin patologiyası şöbəsi institutun çoxprofilli mərkəzlərindən biri olaraq, fəaliyyətə XX əsrin 60-cı illərində başlamışdır. Şöbənin ilk rəhbəri tibb elmləri doktoru, professor P.S.Slutskin (1952-1973-cü) olmuşdur, 1973-1978-ci illərdə şöbəyə tibb elmləri namizədi N.Qazıyeva rəhbərlik etmişdir. 1982-ci ildən uşaq şöbəsi institutda yeni yaradılmış gözün mikrocərrahiyyəsi şöbəsinin tərkibinə daxil olmuşdur və 1982-1997-ci illər dövründə tibb elmləri doktoru, professor N.M.Əfəndiyevin rəhbərliyi altında işləmişdir. Bu vaxtdan etibarən uşaqlarda bütün cərrahi əməliyyatlar mikrocərrahi üsulla aparılmışdır. 1979-1981-ci illərdə şöbənin rəhbəri Respublikanın Əməkdar həkimi, tibb elmləri namizədi, baş elmi işçi T.M.Məmmədova olmuşdur və 1998-ci ildən şöbənin rəhbərliyi yenidən ona həvalə edilmişdir.
T.M.Məmmədova institutda 1966-cı ildən işləyir, 1967-ci ildə «Qanadvari pərdənin klinik-morfoloji xüsusiyyətləri» mövzusunda namizədlik dissretasiyasını müdafiə etmişdir.
T.M.Məmmədova uzun illər ərzində respublikada uşaqlarda nisbətən tez rast gələn gözün bəd xassəli şişi olan retinoblastomanın morfohistokimyəvi və elektron-mikroskopik xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmiş müayinələr aparır. Bu müayinələr şişin struktur təhlilini həyata keçirməyə imkan vermişdir, uzaqlaşdırılmış göstəricilərin araşdırılması sayəsində retinoblastomanın proqnozunun və bədxassəlik dərəcəsinin təyini mümkün olmuşdur. Bundan əlavə, T.M.Məmmədova uşaqlarda anadangəlmə patologiyanın bir çox növlərinin xüsusiyyətlərinin öyrənilməsi və müalicəsi problemləri ilə məşğuldur, 140-a yaxın elmi əsərin müəllifidir.
T.M.Məmmədova uşaqlarda görmə üzvünün yenitörəmələri zamanı cərrahi əməliyyatların aparılmasında böyük təcrübəyə malikdir. Elmi və klinik işi ilə yanaşı T.M.Məmmədova böyük ictimai işi də aparır, uzun illərdir ki, o, institutunun Həmkarlar komitəsinin sədridir.
Hal-hazırda şöbədə Moskva, Odessa, Sankt-Peterburq şəhərlərinin, Almaniyanın, İran İslam Respublikasının, ABŞ, Hindistanın, Türkiyənin oftalmoloji mərkəzlərində hazırlıq keçmiş yüksəkixtisaslı uşaq oftalmoloqları fəaliyyət göstərir.
Baş elmi işçi L.A.Babayeva institutda 1967-ci ildən işləyir, 1974-cü ildə «Gözdaxili qansızma zamanı şüşəvari cismin zülal-aminoturşular tərkibi və hialuronidazanın aktivliyi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uşaqlarda gözün patologiyasına dair 130-a yaxın elmi əsərin müəllifidir. 1985-1996-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliynin Baş oftalmoloqu olmuşdur. Təcrübəli cərrahdır, müntəzəm şəkildə uşaqlarda gözün zədəsi zamanı təcili yardım göstərir və geniş konsultativ işi aparır.
Baş elmi işçi N.F.Haşımova institutda 1973-cü ildən işləyir, 1998-ci ildə «Uşaqlarda fəsadlaşmış travmatik kataraktanın ekstraksiyası zamanı tətbiq olunan müxtəlif kəsiklərin nəticələrinin müqayisəli qiymətləndirilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir, 80-ə yaxın elmi əsərin müəllifidir. N.F.Haşımova mərkəzin elmi-tədqiqat işində fəal iştirak edir, təcrübəli cərrahdır, gözün müxtəlif dərəcəli yaralanmalarında, anadangəlmə qlaukomada müxtəlif növ mikrocərrahi, o cümlədən optik-rekonstruktiv əməliyyatları və süni optik linzanın implantasiyası əməliyyatlarını aparır. Uşaqlarda gözün yaralanmaları və yanıqları zamanı təcili yardım göstərir.
Şöbənin ilk elmi tədqiqatları herpetik keratitlərin klinikasının öyrənilməsinə və effektiv müalicə metodlarının axtarışına, traxomada hetorogen toxuma terapiyası nəticələrinin araşdırılmasına, görmə siniri atrofiyasının müxtəlif müalicə metodlarının müqayisəsinə həsr olunmuşdur.
1970-1996-cı ilədək şöbənin əsas elmi fəaliyyəti uşaqlarda gözün zədələri probleminə, şüşəvari cismin biokimyəvi, biofiziki göstəriciləri öyrənilməsinə, zədədən sonrakı hemoftalmın konservativ və cərrahi müalicəsinə yönəldilmişdir. Bununla yanaşı zədələnmiş gözlərdə morfoloji müayinələr aparılmış, gözün hidro- və hemodinamikası öyrənilmiş, göz zədələnmələrinin konservativ müalicəsinin yeni metodları işlənilmiş, optik-rekonstruktiv əməliyyatlar zamanı ən rasional kəsiklər təklif olunmuşdur.
Alınmış nəticələr əsasında 1 doktorluq və 3 namizədlik dissertasiyalar müdafiə olunmuşdur. 1997-2000-ci illərdə gözün zədəsi, anadangəlmə katarakta, retinoblastoma və yaxud müxtəlif mənşəli uveiti olan uşaqların immun statusu öyrənilmişdir. Əldə edilən nəticələr təcrübədə məqsədyönlü immunokorrektorların tətbiq edilməsinə zəmin yaratmışdır. Bu tədqiqatların əsasında 2001-ci ildə şöbədə «Uşaqlarda endogen uveitlər, klinikası, müalicəsi» mövzusunda metodik tövsiyələr çap edilmişdir.
Son onillik ərzində şöbənin elmi tədqiqatları anadangəlmə kataraktanın klinik-genetik aspektlərdə öyrənilməsinə yönəldilmişdir. 1996-cı ildən anadangəlmə kataraktaların coğrafi yayılması, irsi keçmə yolları, cərrahi müalicə metodları ilə bağlı məsələlər nəzərdən keçirilmişdir. Bu elmi tədqiqatların nəticələri 2 namizədlik dissertasiyasının əsasını təşkil etmişdir.
2006-cı ildə şöbənin əməkdaşları respublikada tez-tez rast gələn uşaq göz patologiyasının aşkar edilməsinə, epidemiologiyasının müəyyən edilməsinə, müalicəsinin effektiv metodlarının işlənməsinə yönəldilən tədqiqatların aparılmasına başlamışdır.
2008-ci ildə onlar “Uşaqlarda anadangəlmə kataraktanın klinikası və müalicəsi” mövzusunda metodik tövsiyələri hazırlayıb, çap etmişlər.
Şöbədə gözün ön və arxa hissəsinin anadangəlmə və qazanılmış xəstəliklərinin (keratit, sklerit, dakriosistit, tapetoretinal distrofiya) konservativ müalicəsi aparılır, müxtəlif xəstəliklərin lazer müalicəsi geniş tətbiq edilir. Gözün zədələrində və ön hissəsinin xəstəliklərində müxtəlif dərman preparatları ilə hopdurulmuş yumşaq kontakt linzalarla Helium-Neon lazerstimulyasiyanın birgə tətbiq edilir. Bu işin nəticələri ümumiləşdirilib, “Göz alması zədələrinin effektiv kombinə olunmuş metodu” adında metodik tövsiyələrşəkildə çap edilmişdir.
Son zamanlar şöbədə uşaqlarda terminal qlaukomanın müalicəsində Diod-lazerlə aparılan siklokoaqulyasiyası tətbiq edilir. Bu metodun üstünlüyü müalicənin yerli anesteziya altında, ambulator şəraitdə aparıla bilməsi və ağrısız olmasındadır. Yumşaq kontakt linzaların lazer müalicəsi ilə birgə tətbiqinin nəticələri ümumiləşdirilmiş və «Göz almasının zədələnmələrində kombinə olunmuş səmərəli müalicə üsulu» mövzusunda metodik tövsiyə şəklində çap olunmuşdur.
Şöbənin təcrübi işində yeni, kombinə olunmuş müalicə üsulları tətbiq edilir, onlardan biri göz almasının ön şöbəsinin müxtəlif xəstəlikləri zamanı (buynuz qişanın iltihabi və travmatik zədələnmələrində) dərman preparatları ilə hopdurulmuş yumşaq kontakt linzaların və biotrop təsirə malik olan çoxqütblü maqnit stimulyatorun vasitəsi ilə maqnitostimulyasiyanın birgə tətbiqidir.
Görmə üzvünün zədələri, anadangəlmə və travmatik kataraktalar, qlaukomanın müxtəlif növləri, göz qapaqlarının anadangəlmə anomaliyaları zamanı yeni cərrahi müalicə üsulları tətbiq edilir, təkmilləşdirilir, əməliyyatların sayı durmadan artır.
Şöbədə diaqnostik məqsədlə uşaqlarda ultrason (A və B-skan), rentgenoloji, biokimyəvi, morfoloji, immunoloji, elektrofizioloji müayinələr, kompyuter tomoqrafiya, nüvə-maqnit rezonansı metodları geniş tətbiq olunur.
Şöbənin əməkdaşları tərəfindən uşaq oftalmologiyasının müxtəlif problemlərinə dair 400-də artıq elmi əsər dərc olunub, 10 metodik tövsiyələr və 30 səmərələşdirici təklif hazırlanıb. Şöbənin əməkdaşları respublikanın rayonlarında uşaq oftalmologiyasının aktual problemləri üzrə seminar və dekadniklər keçirir, kor və zəif görən uşaqlar üçün internatın kontingentinə konsultativ və terapevtik yardın göstərir.
Şöbədə görmə orqanının treavması olan uşaqlara gecə-gündüzlü təcili yardım göstərilməsi üçün xüsusi cərrahi dəstələr təşkil edilib, belə dəstə uşaq-oftalmocərrah, rentgenoloq, anestezioloq və cərrahi tibb bacısından ibarətdir.
Hal-hazırda şöbədə elmi işçilər t.e.n L.A.Babayeva, t.e.n. N.F.Haşımova, t.e.n. M.M.Nəsrullayeva, t.e.n. F.A.Abasov, klinikanın həkimləri F.X.Mirzəyeva, X.A.Babayeva, P.M.Məmmədova, S.T.Hüseynova, A.Ə.Məmmədyarova, K.B.Tağıyeva, S.Z.Salmanova, S.G.İsmayılzadə, L.X.Zöhrabova, N.Ə.Mahmudova.
|