GÖZÜN İNFEKSİYA XƏSTƏLİKLƏRİ VƏ BUYNUZ QİŞANIN CƏRRAHİYYƏSİ MƏRKƏZİ
Gözün infeksiya xəstəlikləri və buynuz qişanın cərrahiyyəsi şöbəsində Azərbaycan ET Göz Xəstəlikləri İnstitutunun 1946-cı ildə təsis edildiyi gündən fəaliyyət göstərir. İnstitutun respublikada ağır diyar patologiyası olan traxoma xəstəliyinin ləğv edilməsi məqsədilə təşkil edilməsinə görə virus patologiyası şöbəsi (o dövrdə traxomatoz şöbə) bu infeksiya ilə mübarizənin ön sıralarında olmuşdur. Professor Q.Ə. Adıgözəlova-Polçayeva, tibb elmləri namizədləri K.A.Əlizadə, T.G.Səfərəliyev, S.H.Hüseynova, R.N.Əliyev, A.H.Süleymanov, klinika həkimləri F.M.Kazımova, U.M.Əlixanova, Z.Nəbiyeva, E.İ.Rüstəmova kimi şöbənin bir neçə həkim nəslinin nümayəndələri, həmin mübarizənin elmi üsullarını işləyib, təcrübədə tətbiq etdirərək, onlara həvalə edilmiş respublikanın cənubi rayonlarının ərazisində traxoma ocaqlarının plan üzrə aradan qaldırılmasında böyük səy göstərmiş və bu mübarizə üçün fədakarcasına çalışmışlar. 1967-1974-cü illərdə şöbənin klinika üzrə müdiri U.M.Əlixanova olmuş, 1974-2002-ci il müddətdə bu vəzifədə F.M.Kazımova fəaliyyət göstərmişdir. Şöbənin əməkdaşları bu vəzifənin öhdəsindən qısa müddətdə şərəflə gəlmişlər.
T.e.n. K.A.Əlizadə virus patologiyası şöbəsinin əməkdaşları ilə (ön planda - prof. S.İ.Vəlixan)
1968-ci ildə institutun strukturasının dəyişilməsi nəticəsində, şöbə gözün virus patologiyası şöbəsi adını almışdır və yeni elmi-təcrübi istiqamətdə fəaliyyətinə keçmişdir. Şöbənin həkimləri paratraxomanın, adenovirus və başqa keratitlərin və keratouveitlərin diaqnostikasının, patogenezinin, müalicə üsullarının işlənilməsi ilə məşğul olmuşdur, məsələn, sekviterpen laktonları, «FO» və «Badxizin» preparatlarının, fotodinamik inaktivasiyanın, qamma-qlobulinin və pirogenalın herpetik keratitlərin və kerouveitlərin müalicəsində terapevtik imkanları, herpetik keratit və keratouveit zamanı gözün hemo- və hidrodinamikası tədqiq edilmişdir, respublikada müxtəlif mənşəli, o cümlədən vərəm və toksoplazmoz səbəbli uveitlərin epidemiologiyası öyrənilmişdir. Həmin dövrdə şöbəyə bir sıra gözəl alimlər elmi rəhbərlik göstərmişdir.
Professor S.İ.Vəlixan (1883-1982) - əsl alimə xas olan keyfiyyətlərə - geniş sənət biliklərinə, sərbəst təfəkkürə, qərəzsiz dünya görüşünə malik idi. O, tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycan qadını olmuşdur. Onun elmi əsərlərinin böyük bir hissəsi traxoma, cüzam, sifilis, vərəm kimi infeksiya nəticəsində zədələnmiş göz almasının morfoloji dəyişiklikləri probleminə həsr olunmuşdur, Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə «Endoftalmitin patoloji anatomiyasına dair» məqaləsi ilə Nobel komitəsinin diqqətini özünə cəlb etməsi olmuşdur. Onun rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiya müdafiə edilmişdir. Prof. S.İ.Vəlixan çox gözəl diaqnost və klinisist idi.
Prof. S.L.Slutskin (1902-1971) traxoma, oftalmoherpes, buynuz qişanın irinli yaralarına dair bir çox elmi əsərin müəllifi olmuşdur.
1960-1980-cı illərdə şöbənin elmi fəaliyyəti prof. Q.Ə.Adıgözəlova-Polçayevanın (1915-1992) rəhbərliyi altında keçirdi. Prof. Q.Ə.Adıgözəlova-Polçayeva 1960-cı ildən başlamış 30 il ərzində institutun elmi işləri üzrə direktor müavini vəzifəsini tutmuşdur. O, gözün bakterial, virus, tokoplazmoz və digər mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, trxomanın patogenezi problemlərinin işləməsinə, görmə üzvünün optik qüsurlarının öyrənilməsi işinə bir çox elmi yeniliklər gətirmişdir, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdır. Prof. K.A.Adıgözəlova-Polçayeva oftalmologiyanın müxtəlif məsələlərinə dair bir neçə yüz elmi əsərin, o cümlədən, 3 monoqrafiyanın müəllifidir. O, nəinki istedadlı alim, hətta gözəl diaqnost, klinisist və cərrah olmuşdur, olduqca böyük bir dəstə oftalmoloq kadrlarını hazırlamışdır, onun rəhbərliyi altında 10-dan artıq namizədlik dissertasiya müdafiə edilmişdir.
1960-1975-ci illərdə şöbənin elmi işlər üzrə müdiri, t.e.n. K.A.Əlizadə olmuşdur. Onun elmi işi məhz traxomaya və onun müalicə üsullarına həsr edilmişdir. K.A.Əlizadə çox qabiliyətli klinisist və cərrah, gözəl insan olmuşdur, şöbənin kollektivinə rəhbərliyi böyük məharətlə göstərmişdir.
1976-1990-cı illərdə elmi işlər üzrə şöbə müdiri vəzifəsini t.e.n. T.G.Səfərəliyev tutmuşdur. Onun da elmi işi traxoma ilə bağlı idi, bu problem üzrə və gözün iltihabi xəstəlikləri haqda onlarla elmi əsəri vardır.
Bu illərdə şöbədə traxoma qalıqlarının və fəsadlarının ləğv edilməsi üçün aktiv cərrahi fəaliyyət aparılırdı. Göz qapaqlarının deformasiyaları, xaricə və daxilə çevrilməsi üzrə plastik cərrahi əməliyyatlar həyata keçirilirdi, buynuz qişanın pannusu, irinli və irinsiz yaraları üzrə çeşidli konservativ müalicə tətbiq edilirdi.
1990-1993-cü illərdə şöbənin elmi işlər üzrə müdiri t.e.d. Ç.C.Carullazadə olmuşdur. Onun elmi fəaliyyətinin əsas sahəsi -görmə üzvünün normal anatomik və funksional vəziyyətinin bərpasına yönəldilmiş süni material və qurğulardan istifadə edilməsi ilə görmə üzvünün ön hissəsinin cərrahiyyəsinin yeni üsullarının işlənilməsi idi. Bu illərdə şöbənin elmi fəaliyyəti silikon materialların istifadəsi ilə aparılan gözün ön kəsiyinin rekonstruktiv cərrahiyyəsinin problemi ətrafında cəmləşdirilmişdir.
Şöbədə süni büllurun implantasiyası, iltihab yaxud zədə nəticəsində tutulmuş yaş yollarının keçiricilik qabiliyətinin silikon qurğuları ilə bərpa edilməsi, gözün buynuz qişasının distrofik, iltihabi, neyroparalitik patologiyası zamanı silikon kontakt linzaların istifadəsi tətbiq edilmiş, şöbənin çoxtərəfli cərrahi fəaliyyəti inkişaf etmişdir. Bu istiqamətdə bir çox məqalə və metodik tövsiyələr çap olunmuşdur.
1993-1999-cu illərdə şöbə t.e.n. A.K.Sadıqovun rəhbərliyi altında işləyirdi. A.Sadıqovun Rusiyanın EA-nın Göz Xəstəlikləri İnstitutunda müdafiə edilmiş namizədlik dissertasiyası buynuz qişanın irinli yaralarının cərrahi müalicəsinə və immun terapiyasına həsr olunmuşdur və rəhbərliyə keçəndə O, şöbənin elmi işini bu istiqamətə yönəltmişdir. Həmin müddətdə şöbənin elmi fəaliyyəti buynuz qişanın iltihabi, virus və bakterial mənşəli patologiyası zamanı xəstənin immun sisteminin vəziyyətinin və onun korreksiya üsullarının öyrənilməsi, müxtəlif donor materiallarından istifadə etdikdə, səthi müalicəvi keratoplastikanın nəticələrinin təhlili, gözün ön hissəsinin müxtəlif mənşəli iltihabi patologiyası zamanı xəstələrin reabilitasiyası məsələlərinin işlənilməsi və s. ilə bağlı olmuşdur.
2000- 2006- ci illərdə şöbə t.e.n. Aygün Məmmədbəylinin rəhbərliyi altında işləmisdir. A.Məmmədbəylinin namizədlik dissertasiyası herpetik keratitlərin immunositokimyəvi diaqnostikasına və proqnozlaşdırılmasına həsr olunmuşdur. Bu illər ərzində şöbənin elmi fəaliyyətini buynuz qişanın müxtəlif mənşəli iltihabi xəstəlikləri zamanı heliy-neon lazerstimulyasiyanın və digər üsullarının birgə tətbiqinin imkanlarının öyrənilməsi təşkil edirdi. Buynuz qişanın iltihabi və distrofik xəstəliklərində lazerstimulyasiya patogenez yönlü preparatlarla hopdurulmuş müalicəvi yumşaq kontakt linzaların işlənilməsi, səthi müalicəvi keratoplastika, dəlib keçən keratoplastika kimi üsullarla müştərək aparılırdı. Bu əməliyyatların nəticələri şöbənin buynuz qişanın bakterial və virus mənşəli iltihabi zədələnmələri, distrofiyaları zamanı göstərilən klinik fəaliyyətini yeni, müasir üsullarla zənginləşdirilməsi üçün yol açmışdır. Bundan əlavə, 2001-ci ildə şöbədə «Gözdaxili irinli infeksiya zamanı aeroionizasiyanın və antibiotiklərin az dozalarının tətbiqi» adında elmi mövzusunda eksperimental iş aparılıb.
Bu illərdə gözün virus patologiyası şöbəsi statusunu dəyişib yüksəldərək gözün infeksiya xəstəlikləri və buynuz qişanın cərrahiyyəsi mərkəzinə çevrilmişdir.
2007-2008-ci illərdə şöbə t.e.d. N..Bağırovun rəhbərliyi altında işləyirdi. Bu illərdə şöbənin elmi fəaliyyəti «Gözün ön hissəsinin və damarlı yolunun iltihabi xəstəlikləri zamanı qanın ekstrakorporal korreksiyası» mövzusu ilə bağlı olmusdur. Bu istiqamətdə aparılan tədqiqatlar gözün ağır, tez-tez residiv verən, ənənəvi müalicə üsulları qarşısında tab gətirən iltihabi xəstəliklərinin müalicəsinin effektivliyini artırmaq ücün şöbədə daima aparılan axtarısların davamıdır.
2008-ci ildən indiki zamana qədər Quliyeva Minarə Həmid gızı şöbə rəhbəri vəzifəsini icra edir. M.H.Quliyevanın namizədlik dissertasiyası herpetik keratitlərin mualicəsində recombinant альфа-2β interferon-Oftalmoferonun tətbiqinə həsr olunmuşdur. Hal hazirda şöbənin elmi fəaliyyəti gözün ön hissəsinin müxtəlif mənşəli iltihabi xəstəliklərində ozonoterapiya üsulunun tətbiqi ilə bağlıdir. Mərkəzin əməkdaşları böyük və çoxtərəfli müalicə işi aparırlar. Yuxarıda qeyd edilmiş cərrahi əməliyyatlardan başqa, göz qapaqlarında və konyunktivada plastik cərrahi əməliyyatlar, gözün ön hissəsinin xoş xassəli şişləri zamanı cərrahi əməliyyatlar, gözün yaş yollarının xəstəliklərinin cərrahi müalicəsi, konyunktivanın iltihabi və allergik xəstəlikləri, buynuz qişanın virus, bakterial və digər mənşəli patologiyasının, gözün damarlı yolunun xəstəliklərinin, o cümlədən Behçet xəstəliyinin, göz yaşı üzvlərinin və göz yuvasının iltihabi xəstəliklərinin ən müasir terapiya üsulları tətbiq edilir. Mərkəzdə buynuz qişanın distrofik, neyroparalitik, iltihabi xəstəliklərinin, o cümlədən herpetik keratitin, keratoplastikanın müxtəlif üsullarının (səthi müalicəvi, təbəqəli, dəlib keçən) istifadəsi şəkildə cərrahi müalicəsi, süni büllurun implantasiyası, gözün ön hissəsinin iltihabından sonrakı dəyişikliklərinin cərrahi və lazer müalicəsi aktiv şəkildə tətbiq edilir.
Mərkəzdə internlərin, kliniki ordinatorların, iş yerlərində olan həkimlərin ixtisas üzrə təlimi və təkmilləşdirilməsi üzrə böyük iş aparılır. Mərkəzin nümayəndələri Respublika rayon oftalmoloqlarına hami yardım göstərilməsində, həkim dəstələrinin tərkibində qaçqın şəhərciklərinə getməkdə, respublika Hərbi Komissarlığının işində fəal iştirak edirlər. Son 5 il ərzində mərkəzin əməkdaşları, həm ölkəmizdə, həm də yaxın və uzaq xaricdə, onlarla elmi əsər, o cümlədən metodik tövsiyələr və səmərələşdirici təkliflər, çap etdiriblər. Hal-hazırda mərkəzdə qocaman həkimlərdən t.e.n. S.H.Hüseynova, F.M.Kazımova fəaliyyət göstərir, mərkəzin şanlı ənənələrini t.e.n. A.K.Sadıqov, Ə.İ.Zeynalova, F.C.Rəfiyev, E.B.Vəlixan, T.F.Allahverdiyeva, A.Y.Axundzadə, ş.B.Pasayeva, N.Ə.Fiqarova, K.N.Rəhimova, t.e.n. A.P.Qəlbinur, C.V.Həsənov, S.R.Talibova, S.N.Quliyeva, layiqincə davam etdirir.
|