 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
ŞƏKƏRLİ DIABETİN GÖZ FƏSADLARI VƏ VITREORETINAL CƏRRAHIYYƏ ŞÖBƏSI
Şəkərli diabetin göz fəsadları və vitreoretinal cərrahiyyə şöbəsi öz sahəsində 10 ildən artıq təcrübəsi ilə Azərbaycanda yeganə şöbədir ki, gözün tor qişasının xəstəliklərinin cərrahi və lazer müalicəsi üzrə ixtisaslaşmışdır. Şöbə gözün aşağıdakı xəstəliklərinin müalicəsi üzrə fəaliyyət göstərməkdədir:
- tor qişanın diabetik dəyişiklikləri (diabetik retinopatiya)
- tor qişanın qopması
- qocalıq makulodistrofiyası
- makulanın digər xəstəlikləri
- tor qişanın damar mənşəli xəstəlikləri
- gözün arxa hissəsinin cərrahi müalicəsini tələb edən digər xəstəliklər
Şöbə gözün tor qişasının xəstəliklərində istifadə edilən ən müasir diaqnostik və müalicə cihazları ilə təchiz olunmuşdur.
Optik koherent tomoqrafiya (OCT)
Optik koherent tomoqrafiya (OCT) işıq şüaları vasitəsi ilə tor qişanın qalınlığını mikron səviyyədə dəqiqliklə təyin etməyə imkan verir. Bu müayinə tor qişanın təbəqələrində olan minimal dəyişiklikləri aşkar etməklə, bir çox tor qişa xəstəliklərinin, ilk növbədə diabetik retinopatiyanın, gedişinin izləməsi üçün ideal vasitədir. Bu sahədə şöbə ən qabaqcıl texnologiyaya malik Almaniyanın Carl Zeiss şirkətinin istehsalı olan Cirrus HD və Stratus OCT cihazları ilə təchiz olunmuşdur.
Oftalmoloji ultrasəs müayinə
Gözdaxili mühitlərin şəffaflığının pozulması zamanı (katarakta, gözdaxili qansızmalar) tor qişada dəyişiklikləri təyin etmək üçün şöbədə EZ 5500 B-skan ultrasəs cihazı (Sonomed, ABŞ) vardır.
Göz dibinin rəqəmli flyuoressein angioqrafiyası (FA)
Flyuoressein angioqrafiya diabetik retinopatiya, qocalıq makulodistrofiya, tor qişanın digər damar xəstəliklərində qiymətli diaqnostik vasitədir. Şöbədə iki fundus kamera fəaliyyət göstərir. Flyuoressein angioqrafiya Carl Zeiss şirkətinin (Almaniya) FF450 Plus kamerasının köməyi ilə aparılır. Göz dibinin rəngli fotoşəkillərini çəkmək üçün şöbədə həmin şirkətin Visucam Pro NM kamerası vardır.
Lazer cərrahiyyəsi
Diabetik retinopatiya və tor qişanın bir sıra xəstəliklərində (tor qişa venalarının trombozu, mərkəzi seroz xorioretinopatiya, tor qişanın yırtıqları və s.) lazer cərrahiyyəsi əsas müalicə üsulu olaraq qalmaqdadır. Şəkərli diabetin göz fəsadları və vitreoretinal cərrahiyyə şöbəsində lazer müalicəsi aşağıdakı lazer cihazlarının köməyi ilə aparılmaqdadır:
- PurePoint 532 nm (Alcon, ABŞ)
- Eyelite 532 nm (Alcon, ABŞ)
Vitreoretinal cərrahiyyə
Şöbədə şüşəvari cismin və tor qişanın bir sıra xəstəlikləri zamanı (şüşəvari cismə qansızma, tor qişanın qopması və s.) vitrektomiya əməliyyatları keçirilməkdədir. Vitrektomiya əməliyyatları ayrıca əməliyyat blokunda, ən son texnoloji vasitələrin köməyi ilə aparılmaqdadır:
- Accurus vitreoretinal cərrahiyyə sistemi (ABŞ)
- PurePoint endolazer cihazı (ABŞ)
- Zeiss OPMI Lumera T əməliyyat mikroskopu (Almaniya)
- BIOM 4 geniş bucaqlı vizualizasiya sistemi (Almaniya)
Dərman vasitələrinin intravitreal yeridilməsi
Tor qişanın bəzi xəstəliklərində (diabetik retinopatiya, qocalıq makulodistrofiyası, makulanın müxtəlif mənşəli ödemləri) dərman vasitələri – Kenalog (triamsinolon), Avastin (bevasizumab) göz daxilinə yeridilir. Gözdaxili inyeksiyalar şöbəmizdə cərrahi əməliyyat blokunda steril şəraitdə icra olunur.
Vitrektomiya nədir?
Vitrektomiya əməliyyatı zamanı xüsusi cihazlar, optik sistem və alətlər vasitəsi ilə göz almasının arxa hissəsindəki bir çox xəstəliklər müalicə olunur. Əməliyyatın ilk mərhələsində göz almasını dolduran şüşəvari cisim xaric edilir (əməliyyatın adı da buradan götürülmüşdür – latınca corpus vitreum – şüşəvari cisim deməkdir). Daha sonra tor qişadakı problemlər aradan qaldırılır, qan, membran və çapıq toxumalar xaric edilir, qopmuş qişa yerinə oturdulur, lazerkoaqulyasiya yerinə yetirilir. Bu manipulyasiyaları yerinə yetirmək üçün cərrah xüsusi mikroskop, linzalar və göz daxilini işıqlandırmaq üçün fiberoptik işıq mənbəyindən istifadə edir. Əməliyyat icra edilən zaman göz almasının divarında 3 yerdə kiçik kəsik (sklerotomiya) aparılır və alətlər oradan göz içinə daxil edilir. Bu zaman gözün büllurunu və tor qişanı zədələməmək üçün kəsiklər gözdəki kiprikli cisimin pars plana adlı hissəsindən gözə daxil edilir. Ona görə əməliyyat tam adı ilə pars plana vitrektomiya da adlanır. Əməliyyatdan sonra şüşəvari cismin yerini doldurmaq üçün silikon yağı və ya genişlənən qaz (məs. perflüoropropan –C3F8) istifadə oluna bilər.
Vitrektomiya əməliyyatı yerli və ya ümumi keyitmə altında aparılır və təqribən 1-2 saat çəkir.
Pars plana vitrektomiya əməliyyatı əsasən aşağıdakı xəstəliklər zamanı icra edilir:
• Tor qişa qopmasının ağırlaşmış formaları
• Diabetik retinopatiyanın fəsadları – uzun müddət sorulmayan gözdaxili qansızmalar və tor qişanın traksion qopmaları
• Göz almasının travmaları – gözdaxili qansızmalar, yad cisimlər, tor qişanın qopmaları, büllurun şüşəvari cismə düşməsi
• Makulanın xəstəlikləri – epiretinal membran, makulyar yırtıqlar və s.
• Katarakta cərrahiyyəsinin fəsadları – təbii və ya süni büllurun göz daxilinə düşməsi, gözdaxili infeksiya (endoftalmit)
Skleral sıxılma (buckling) nədir?
Skleral sıxılma son 20 ilə qədər tor qişa qopmalarının müalicəsinin əsas metodu olmuş və hazırda da tor qişanın qopmasının ağırlaşmamış formalarında istifadə olunmaqdadır. Bu əməliyyat zamanı tor qişanın qopmasına səbəb olan yırtıqlar gözün xarici divarı sklera üzərində lokalizasiya olunur. Daha sonra həmin nahiyə silikon plomb vasitəsi ilə sıxılır. Bunun üçün plomb xaricdən skleraya tikilir. Sıxılma yırtığın bağlanmasına səbəb olur. Yırtıq nahiyəsi əməliyyat zamanı krio (aşağı temperatur) və ya əməliyyatdan sonra lazerlə koaqulyasiya olunur, yəni yırtıq nahiyəsində süni yolla çapıqlaşma tərədilir. Əməliyyat zamanı adətən tor qişanın altına yığılmış maye də drenaj olunur. Əməliyyat yerli və ya ümumi anesteziya altında aparılır.
Intravitreal inyeksiyalar
Göz almasının daxili strukturları (tor qişa, şüşəvari cisim) xüsusi baryerlərlə mühafizə olunmuşdur. Buna görə adi əzələ və ya vena daxili inyeksiyalar zamanı dərman vasitələrinin gözə daxil olması mümkün deyildir. Belə halda dərmanın bilavasitə göz içinə (şüşəvari cismə) inyeksiya edilməsi müalicə effektinin alınmasına kömək edə bilər. Bu müalicə üsulu intravitreal inyeksiya adlanır.
İnyeksiya cərrahi əməliyyat otağı şəraitində aparılır. Göz almasının səthi keyəldildikdən sonra insulin iynəsi vasitəsi ilə dərman pars plana adlı hissədən göz almasının daxilinə inyeksiya edilir. Bu metodla gözə ən çox inyeksiya edilən dərmanlar avastin və kenaloqdur.
Avastin (1,25 mq) intravitreal inyeksiyası aşağıdakı xəstəliklərdə istifadə edilir:
• Lazer müalicəsi mümkün olmayan subretinal damarlı membranlar (qocalıq makulodistrofiyası, yüksək miopiya və s. zamanı). Membranın olması flüoressein angioqrafiası adlı müayinə ilə təsdiq edilməlidir.
• Proliferativ diabetik retinopatiyanın bəzi formaları (maksimum lazer müalicəsinə tabe olmayan yeni damarlar, neovaskulyar qlaukoma və s.)
Kenalog (triamsinolon asetonid, 4 mq) inyeksiyası aşağıdakı xəstəliklərdə istifadə edilir:
• Tor qişanın mərkəzi hossəsinin – makulanın kistoz ödemi zamanı (ən çox diabetik retinopatiya, tor qişa venalarının trombozu zamanı) – müalicəyə göstəriş və müalicənin effektivliyini təyin etmək üçün optik koherens tomoqrafiyası (OKT) müayinə metodundan istifadə edilir.
• Müalicəyə tabe olmayan arxa uveitlər
|
|