GÖRMƏNİN KONTAKT KORREKSİYASI VƏ GÖZ PROTEZLƏŞDİRMƏ MƏRKƏZİ
Görmənin kontakt korreksiyası mərkəzi Cənubi Qafqazda ilk dəfə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun nəzdində 1978-ci ildə H.T.Yagizarovun rəhbərliyi altında təşkil olunmuşdur.
H.T.Yagizarov
1994-ci ildən indiki zamana qədər Görmənin kontakt korreksiyası mərkəzinə kontakt linzalar üzrə Həkimlərin Beynəlxalq Assosiasiyasının üzvü Bənənyarlı Pərviz rəhbərlik edir.
Görmənin kontakt korreksiyası mərkəzi müxtəlif refraksiya anomaliyalarının – miopiya, hipermetropiya, astiqmatizm, anizometropiya, afakiya, keratokonus və s. kontakt korreksiyası ilə məşğul olur. Həmin optik qüsurların korreksiyası üçün yumşaq kontakt linzalardan və bərk kontakt linzalardan istifadə olunur. Xaricdə istehsal olmuş yumşaq kontakt linzalardan başqa mərkəzdə müasir üsullarla fərdi olaraq hazırlanmış yüksək hidrofilli yumşaq linzalardan da istifadə edilir. Polimetilmetakrilat materialdan olan bərk kontakt linzalarla yanaşı, son 4 il ərzində mərkəzdə dünya standartlarına uyğun müasir texnologiya ilə hazırlanmış havakeçirən bərk kontakt linzalar istehsal olunur. Havakeçirən materiallardan hazırlanmış müasir bərk kontakt linzalar polimetilmetakrilat linzalardan fərqli olaraq buynuz qişada gedən metobolik proseslərə mənfi təsir göstərmir, linzalara adaptasiyanı və onların istifadəni rahatlaşdırır.
Bundan əlavə mərkəzdə buynuz qişanın bulanmalarında, çapıqlarında defekti örtmək məqsədilə, bəbəyin deformasiyası, aniridiya zamanı süni bəbəkli adi və optik kosmetik kontakt linzalar hazırlanır və tətbiq edilir.
Görmənin kontakt korreksiyası mərkəzində buynuz qişanın eroziyalarında, xoralarında, endotelial-epitelial distrofiyasında, travma və yanıqlarında bandajın və dərman maddələrinin təsir müddətini uzatmaq üçün müxtəlif dərmanlarla hopdurulmuş yumşaq kontakt linzalardan istifadə olunur və bu üsulun helium- neon lazerstimulyasiya üsulu ilə birgə tətbiqinin effektivliyinin öyrənilməsinə həsr olunmuş elmi-tədqiqat işlər aparılır. Həmin mövzu üzrə 3 metodik tövsiyə, 10 elmi məqalə dərc olunmuşdur.
Akad. Z.Əliyeva ad. Azərb. ETGX İnstitutunun Görmənin kontakt korreksiyası mərkəzi Zaqafqaziya dövlətləri arasında aparıcı mövqeyini qoruyub saxlayır. Mərkəzdə İngiltərə və Amerikada hazırlanmış yüksək dəqiqliyə malik avadanlıqda Avropa standartlarına uyğun yumşaq, bərk havakeçirici, kosmetik, müalicəvi kontakt linzalar istehsal olunur.
Hal-hazırda mərkəzdə 7 işçi fəaliyyət göstərir.
|