ŞÜA DİAQNOSTİKA ŞÖBƏSİ
İnstitutunun şüa diaqnostika şöbəsi 1952-ci ildən fəaliyyət göstərir. İlk şöbə müdiri S.B.Axundova olub, 1967-1996-cı illərdə isə şöbəyə tibb elmləri namizədi V.H.Qasımov rəhbərlik göstərib. O dövrdə oftalmorentgenologiyada yeganə olan gözəl mütəxəssis V.H.Qasımov, göz xəstəliklərinin və göz zədələrinin rentgen-diaqnostikasının banisi olmuşdur, diaqnostikanın mürəkkəb hallarında belə o, məsələni peşəkarlıqla həll edə bilirdi. Onun göz zədələrinin rentgen diaqnostikası probleminə həsr olunmuş onlarla elmi əsərləri hazırda da öz elmi-təcrübi əhəmiyyətini itirməyib. Şüa diaqnostika şöbəsinin fəaliyyətinin şanlı ənənələrinin təməli məhz V.H.Qasımov tərəfindən qurulmuşdur.
Hal-hazırda şöbəyə Z.Verdiyeva rəhbərlik göstərir.
İstitutun şüa diaqnostika şöbəsi göz xəstəliklərinin və göz zədələrinin rentgen diaqnostikası və rentgen terapiyası ilə məşğuldur.
Şöbənin fəaliyyətinin əsas istiqamətləri:
1. göz almasının dəlib keçən yaralanmaları zamanı intra- və ekstraokulyar yad cisimlərin təyini və lokalizasiyası, kontrast üsulu ilə göz yaşı yollarının keçiriciliyinin yoxlanılması, burnun əlavə boşluqlarının pnevmatizasiyasının dərəcəsinin və kəllə sümüklərinin zədələrinin diaqnostikası;
2 görmə üzvünün bazalioma, retinoblastoma, angioma, qlioma, papilloma, adenosarkoma və digər xoş və bədxassəli şişlərinin, ağrılı terminal qlaukoma, gözün iltihabi xəstəlikləri, postravmatik fəsadları (qifema və hemoftalm) diaqnozu ilə olan xəstələrin yaxın fokuslu və dərin rentgen terapiyası.
|