REFRAKSİYANIN PATOLOGİYASI VƏ OFTALMOERQONOMİKA MƏRKƏZİ
Akademik Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun uşaq və yeniyetmələrdə görmənin mühafizəsi şöbəsi 1967-ci ildə yaradılmışdır.
Şöbənin yaradılmasında və onun elmi-praktiki fəaliyyətinin istiqamətləndirilməsində görkəmli alim tibb elmləri doktoru, professor Q.Ə.Adıgözəlova-Polçayevanın müstəsna rolu olmuşdur. Apardığı elmi işlərin böyük bir hissəsi bu şöbənin elmi istiqaməti ilə bilavasitə əlaqələndirilmişdir və 1992-ci ilə qədər şöbənin elmi fəaliyyəti məhz professor Q.Ə.Adıgözəlova-Polçayevanın rəhbərliyi altında aparılmışdır.
1967-ci ildən 1988-ci ilə kimi şöbənin müdiri tibb elmləri namizədi, baş elmi işçi M.M.Qurbanova olmuşdur. Şöbədə aparılan elmi və müalicə işində, təşkilati məsələlərində, gənc işçilərin hazırlanmasında M.Qurbanovanın böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında şöbədə 3 tibb elmləri namizədi- Ş.X.Qədimova Ş.Ə.Quluzadə və N.Ə.Xanlarova fəaliyyət göstərmişdilər. Şöbədə elm və müalicə sahəsində əldə olunan nailiyyətlərdə bunların böyük əməyi olmuşdur.
1988-ci ildən uşaq və yeniyetmələrdə görmənin mühafizəsi şöbəsinin rəhbəri vəzifəsində Məmmədov Mürşüd Cabbar oğlu işləyir. O, tibb elmləri namizədidir, baş elmi işçidir. 80-dən artıq elmi əsərin, o cümlədən 2 müəlliflik şəhadətnaməsinin, və bir çox səmərələşdirici təklifin müəllifidir. Hazırda onunla bərabər mərkəzdə tanınmış həkimlər-tibb elmləri namizədi N.Xanlarova, N.Hacıyeva, həkimlər – S.Səfərov, C.Səlimxanova, D.Mustafayeva, Ü.Cəfərova, C.Şəfiyeva, L.Məmmədova və N.Əhmədova fəaliyyət göstərirlər.
2006-cı ildən mərkəz statusuna malik olan institutun bu bölməsi uşaq və yeniyetmələrdə görmənin mühafizəsi sahəsində respublikada yeganə elmi-tədqiqat və müalicə mərkəzidir.
Son 10 il ərzində mərkəzin elmi işi məktəblilərdə yaxındangörmənin artmasının profilaktikası və rasional müalicəsinin kompleks üsullarının işlənilməsi, qarışıq astiqmatizmin müalicəsi və bu patologiyada görmə funksiyasının pozulması profilaktikasının kompleks üsullarının işlənilməsindən ibarət idi. Bunun nəticəsi kimi 82 elmi məqalə, 2 müəlliflik şəhadətnaməsi, 4 səmərələşdirici təklif və 1 patent əldə edilmişdir.
Mərkəzdə aparılan müalicə işi kliniki refraksiyanın növləri ilə yaratdığı müxtəlif optik qüsurların aradan qaldırılmasına, görmə funksiyalarının bərpasına və xəstələrin əmək fəaliyyətinin yüksəlməsinə yönəldilmişdir. Müalicənin əsas məqsəd və istiqamətlərindən biri miopiyanın sabitləşməsi və ya imkan daxilində aradan götürülməsi olmuşdur. Mərkəzdə mövcud olan və geniş işlədilən üsullarla gözün optik qüsurlarının diaqnostikası və müalicəsi ilə yanaşı aparılan elmi-tədqiqat işləri nəticəsində hazırlanmış üsullar da tətbiq edilir, onların arasında: elektroforez yolu ilə damar genişləndirici preparatların akkomodasiya-konvergensiya üzrə məşqləri ilə birgə tətbiqi, refleks müalicəsinin akkomodasiya-konvergensiya üzrə məşqləri ilə birgə tətbiqi, qarışıq astiqmatizm və məktəb miopiyası zamanı pleopto-ortoptik müalicə ilə birgə makulanın lokal işıqlandırılmasının tətbiqi və s. Bütün bunların sayəsində yüksək klinik nəticələr əldə edilmişdir.
Hazırda, 2006-2010-cu illərdə, Abşeron və Şamaxı rayonlarında miopiyanın yayılmasının aşkar edilməsi və ona qarşı müalicə-profilaktik tədbirlərin hazırlanıb tətbiq edilməsi planlaşdırılıb.
|